Bunu Day.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmisi Tural Orucov deyib.
O, yeni tədris ilinin başlanması ilə tıxacların aradan qaldırılması üçün qurumun mövcud planlarından danışarkən deyib.
O, qeyd edib ki, Bakı metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 7 ekspres marşrutu təşkil edilib.
"Bundan savayı 28 müntəzəm marşrut xətti əlavə avtobuslarla gücləndirilib. Hazırda metro xətlərinin ayrılma layihəsi başlandığı andan əlavə 150 avtobus Bakı şəhərində bu 34 marşrutu gücləndirib. 34 gücləndirilmiş marşrutla ümumillikdə gün ərzində 520 000 sərnişin daşınır. Bu da layihənin icrasından öncəki vəziyyətlə müqayisədə gündəlik 200 000-ə yaxın əlavə sərnişin deməkdir", - deyə o bildirib.
T. Orucov qeyd edib ki, təhlillər davam edir və real vaxt rejimində lazımi qərarlar qəbul olunur, təkmilləşmələr aparılır:
"M6 ekspes marşrutu uzadıldı, yeni M7 marşrutu istifadəyə verildi, 2 marşruta (M1 və M2) ikinci validatorlar quraşdırılaraq orta qapıdan daxil olma imkanı yaradıldı, tələbat olan dayanacaqlarda genişləndirilmə işləri aparılır. Vacib məqam isə - 150 avtobus hazır vəziyyətə gətirilərək tezliklə istismara veriləcək", - deyə qurum rəsmisi vurğulayıb.
