Gecə saatlarından başlayaraq İran İsrailə yüzlərlə pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə hücum edib.
Lider.com.az -ın məlumatına görə, hücum İsrailin İranın Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən konsulluq binasına hücumuna cavab olaraq həyata keçirilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisindəki hərbi obyektləri hədəfə aldığını və hücumun uğurlu olduğunu iddia edib.
KİV-in məlumatına görə, İsrail ordusu PUA-laeın çoxunu Suriya və İordaniya ərazilərində vurub. İsrail səmasında hava hücumundan müdafiə sistemləri işləyib və ölkənin bir çox yerində hava hücumu sirenləri səslənib. Ölkə ərazisində mindən çox insanın bir araya gəlməsi və maarifləndirici fəaliyyətlər qadağan edilib.
İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, İran İsrailə 200-dən çox raket və pilotsuz uçuş aparatı atıb. Onun sözlərinə görə, hədəflərin əksəriyyəti ələ keçirilib, dəyən ziyan cüzi olub, lakin “insident hələ bitməyib”. Ən azı bir nəfər yaralanıb. İsrailin təcili tibbi yardım xidmətinin mətbuat xidməti Magen David Adom isə sosial şəbəkədə məlumat verib ki, 31 nəfər tibbi yardım üçün müraciət edib.
İsrail Müdafiə Qüvvələrinin logistika komandanlığı əhaliyə məlumat verib ki, artıq mühafizə olunan ərazilərin yaxınlığında olmağa ehtiyac yoxdur.
Ətraflı
Hədəflərin əksəriyyəti “Arrow” uzaqmənzilli raketdən müdafiə sistemi tərəfindən ələ keçirilib. Onlarla raket və PUA qırıcı təyyarələr tərəfindən məhv edilib. Hədəflər əsasən İsraildən kənarda ələ keçirilib.
Negev səhrasında bir qız yaralanıb. Digər zərbələr isə hərbi bazada "infrastruktura kiçik ziyan vurub".
“The New York Times”ın İsraildəki mənbələrinə görə, İran 185 pilotsuz təyyarə və 36 qanadlı raket buraxıb. Hücumların əksəriyyəti İranda, kiçik bir hissəsi isə İraq və Yəməndə həyata keçirilib. İran həmçinin 110 yer-yer raketi buraxıb.
ABŞ prezidenti Co Bayden İranın İsrailə hücumunu "qətiyyətlə pisləyib". Onun sözlərinə görə, İsrail ordusu Amerika hərbçilərinin dəstəyi ilə demək olar ki, bütün pilotsuz uçuş aparatlarını və raketləri vurmağa nail olub.
ABŞ prezidentinin sözlərinə görə, raketlər və pilotsuz təyyarələr İraq, Yəmən və Suriya ərazilərindən buraxılıb. Hücum zamanı ABŞ-ın Yaxın Şərqdəki heç bir qüvvəsinə və ya obyektinə ziyan dəyməyib.
Ağ Ev bildirib ki, ABŞ G7 liderlərini "İranın həyasız hücumuna birgə diplomatik cavabı koordinasiya etmək" üçün çağıracaq.
BMT-nin baş katibi Antonio Quterreş və Qərb ölkələri İsraili dəstəkləyib və İranı hücuma görə qınayıblar. Avropa Birliyi hadisəni “görünməmiş eskalasiya” adlandırıb. Britaniya İranın bölgədə təxribat törətdiyini, Almaniya isə “regional alovlanma” riskinin olduğunu bildirib.

